AQTA sədri quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirib
19 Aprel 2024 17:11
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının və ölkədə fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüşüb.
Tədbir quşçuluq sahəsindəki vəziyyətin bir daha nəzərdən keçirilməsi, o cümlədən aprelin 18-də Azərbaycan Respublikasının Milli Məclisində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmədə quşçuluqla bağlı səsləndirilən fikirlərin müzakirə edilməsi, eyni zamanda bu sahədə fəaliyyət göstərən təsərrüfatların nümayəndələri ilə işin daha səmərəli təşkil olunması, onların mövcud qanunvericilik və tələblər barədə məlumatlandırılması, işlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərilməsi, həmçinin təkliflərinin dinlənilməsi və müvafiq işlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə keçirilib.
Görüş zamanı AQTA sədri qida zəncirinin bütün mərhələlərində, o cümlədən quşçuluq sahəsindəki fəaliyyətlə bağlı qarşıya qoyulan vəzifələr, bu sahədə qanunvericiliyin tələblərinə uyğun olaraq, həyata keçirilən tədbirlərlə bağlı iştirakçıları məlumatlandırıb. Şəffaflıq prinsipləri əsasında həyata keçirilən nəzarət və tənzimləmə tədbirlərinin ölkədə qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verdiyini vurğulayıb.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli dövlət tərəfindən quşçuluq sahəsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bu sahədə işin daha səmərəli təşkil olunması üçün müvafiq tədbirlərin həyata keçirildiyini önə çəkib.
Görüşdə daha sonra diri toyuq və quş əti məhsullarının istehsalı, idxalı və ixracı məsələlərinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında əldə edilən razılaşmaya uyğun olaraq, respublikamızdan bu ölkəyə yumurta ixracı ilə əlaqədar məsələlər müzakirə edilib, bu sahədə mövcud olan imkanlar və gələcək perspektivlər nəzərdən keçirilib. Eyni zamanda quşçuluq təsərrüfatlarında aparılan monitorinqlərin gedişatına dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər
Qablaşdırılmış içməli su emalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən “Məray su” əmtəə nişanlı qablaşdırılmış içməli su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
AQTA COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.
AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirir.