AQTA bəzi “ekspertlər”lə bağlı bəyanat yayıb
22 Aprel 2024 17:51
Azərbaycanda keyfiyyətli və təhlükəsiz qida məhsullarına tələbatın daha səmərəli və davamlı təmin edilməsi, eləcə də idxal-ixrac əməliyyatları zamanı nəzarət sisteminin qurulması ilə ciddi nailiyyətlər əldə olunur. O cümlədən istehlakçıların sağlamlığının qorunması və hüquqlarının müdafiəsi sahəsində strateji idarəetmənin tətbiqi ilə bir sıra tədbirlər həyata keçirilir. Agentlik ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirməklə, istehlakçıları narahat edən sahələrdə izləmə sistemi qurmaqla ciddi iş aparır, qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi, habelə qida məhsullarının təhlükəsizliyinə dair tələblər barədə istehlakçıların dəqiq və ən yeni informasiya ilə təmin edilməsi məqsədilə tədbirlər görür. Azərbaycanın qida təhlükəsizliyi sistemi bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, (ÜHST, FAO, ÜST, Codex-Alimentarius Komissiyası) həmçinin beynəlxalq qida mühəndisi və ekspertləri tərəfindən yüksək qiymətləndirilir.
Son dövrlərdə əhalinin bu sahəyə həssaslığından sui-istifadə edən bəzi “ekspertlər” və “mütəxəssislər” sosial şəbəkələrdə, sayt və bir sıra televiziya kanallarında qida təhlükəsizliyi kimi ciddi mövzuya məsuliyyətsiz yanaşmaqla, həqiqətə uyğun olmayan populist bəyanatlar yayır, vətəndaşların diqqət və maraq dairəsinə daxil olmaq üçün uğursuz cəhdlər göstərirlər. Bəyan edirik ki, əhalinin təhlükəsiz qida ilə təmin olunması, gələcək nəsillərin sağlamlığı kimi vacib məsələləri özündə ehtiva etdirən mövzularla ali təhsili, elmi təcrübəsi, eləcə də xüsusi bilik və bacarıqları olan şəxslər məşğul olmalı, yaxud ekspert qismində çıxış etməlidirlər. Xüsusən də, mövzunun həssaslığını nəzərə alaraq, bu cür məsələlərdə media vasitələri diqqətli olmalı, təsadüfi insanlara meydan verməməlidirlər. Çünki yayılan hər hansı əsassız bir fikir və yanlış rəy görülən işlərə kölgə salmaqla yanaşı, insanlar arasında yersiz təşviş və çaşqınlığın yaranmasına gətirib çıxara bilər.
Aparılan araşdırma və təhlilləri nəzərə alaraq, Agentlik həmin “ekspertlər”in əməllərinə hüquqi qiymət verilməsi üçün müvafiq olaraq hüquq-mühafizə orqanlarına müraciət edəcəkdir.
Oxşar xəbərlər
Qablaşdırılmış içməli su emalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən “Məray su” əmtəə nişanlı qablaşdırılmış içməli su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
AQTA COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.
AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirir.