Xırdabuynuzlu heyvanların taunu xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
22 Aprel 2024 11:29
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanların taunu xəstəliyinin qeydə alınmasını nəzərə alaraq, Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux rayonlarının ərazilərində xəstəliyə həssas ev və vəhşi xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçirib.
Cari ilin 13-29 mart tarixlərində keçirilmiş monitorinqlər zamanı sözügedən sərhədyanı rayonlara aid təsadüfi seçim üsulu ilə təyin edilmiş 65 yaşayış məntəqəsində mövcud olan 195 fərdi və ya fermer təsərrüfatlarında 6-12 aylıq xırdabuynuzlu heyvanlardan 845 diaqnostik nümunələr götürülüb, eyni zamanda ev heyvanları ilə yanaşı, rayonlardakı təbiət ərazilərində vəhşi heyvanlar arasında da klinik müşahidələr aparılıb.
Götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında və Göygöl Regional Sınaq Laboratoriyasında müayinə edilib. Laborator müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində xəstəliyin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan heyvana rast gəlinməyib. Nümunələr xırdabuynuzlu heyvanların çiçək xəstəliyinə görə də laborator müayinələrə cəlb olunub və yoluxmaya şübhəli hal rast gəlinməyib.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin mütəxəssisləri iştirak ediblər.
Əlavə olaraq bildiririk ki, xırdabuynuzlu heyvanların Gürcüstan ərazisindən Azərbaycan Respublikasına idxalına, habelə Azərbaycan Respublikasının ərazisindən keçməklə tranzit daşınmasına Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Oxşar xəbərlər
Heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi işlərinin aparılması mövzusunda Şamaxı rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə interaktiv görüş keçirib.
27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür
27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür. Dünya Baytarlıq Günü də adlandırılan bu gün Azərbaycanda fəaliyyət göstərən baytar həkimlər tərəfindən qeyd olunur.
Bruselyoz xəstəliyinə tutulmuş heyvanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi zoonoz xəstəliklərin izlənilərək ölkədə bruselyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi üçün məqsədyönlü mübarizə tədbirləri həyata keçirir.